Günüuzadılmış qruplar - təşkili necə tənzimlənəcək?

14:46 20.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində demək olar ki, təhsilin bütün sahələri inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir.

Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir. Eyni zamanda, ölkəmizdə təhsilalanların bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün müxtəlif addımlar atılır. Müşahidələr göstərir ki, xüsusilə orta məktəblərdə əlavə məşğələ və dərnəklərin yaradılması, günüuzadılmış qrupların təşkili təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsində, asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Qeyd edək ki, günüuzadılmış qrupların təşkili, əlavə dərslərin və dərnəklərin tətbiqi günün tələbi sayılır və onların hər bir məktəbdə fəaliyyəti zəruri hesab olunur. Belə ki, bu cür qruplar həm şagirdlərin dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkilinə kömək edir, həm də xüsusilə işləyən valideynlər üçün uşaqlarının rahatlığında əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən, Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası təsdiq edilib. Qərara əsasən, yeni qayda dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkilini tənzimləyir. Bu qrup ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, dünyagörüşünün formalaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə məktəbdə yaradılacaq.

Qrupun komplektləşdirilməsi qaydasında bildirilir ki, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq.

Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək. Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul edilir və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.

Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq.

Qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılaparılacaq, tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən ediləcək.

Tədris ili ərzində şagirdlərin qrupdan çıxması ilə bağlı qrupda şagird sayının azalması onun fəaliyyətinin davam etməsinə təsir göstərməcək.

Qrupda məktəbdəki növbəlilikdən asılı olaraq dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə dəstək məqsədilə ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət veriləcək; şagirdlərə müstəqil öyrənmə bacarıqları aşılanacaq; cütlükdə və kiçik qruplarda öyrənmə təmin ediləcək. Şagirdlərin idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə qrup otağındakı müvafiq dəstəkləyici mühit (əyani vasitələr, manipulyativlər, İKT vasitələri və s.) vasitəsilə biliyə və elmə maraq yaradılacaq; qrupda ünsiyyət və davranış mədəniyyəti formalaşdıran inkişafetdirici mühit təmin ediləcək; sərgilər, səhnəciklər, mütaliə saatları təşkil ediləcək.

Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasına dəstək məqsədilə məntiqi və tənqidi təfəkkürünün inkişaf etdirilməsinə yönələn öyrədici oyunlar, fiziki aktivliyi təmin edən hərəki oyunlar və idman yarışları təşkil ediləcək.

Şagirdlərin dünyagörüşünün formalaşdırılmasına dəstək məqsədilə şagirdlərin yaş səviyyəsinə və maraq dairələrinə uyğun disputlar, müzakirələr təşkil ediləcək.

Qrup beşgünlük iş həftəsi ilə fəaliyyət göstərəcək, onun iş rejimi məktəbin direktorunun əmri ilə təsdiq ediləcək. Məktəbin direktoru qrup üçün lazımi şərait yaradılmasına və qrupda təlim-tərbiyə işinin ümumi təşkilinə, uşaqların sağlamlığı və onların təhlükəsizliyinə məsuliyyət daşıyacaq. Məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini tərbiyəçilər ilə metodiki işi təşkil edir, şagirdlərin ev tapşırıqlarının yerinə yetirilməsinə, istirahətinə və qrupda nəzərdə tutulmuş sənədləşmə işlərinin aparılmasına rəhbərlik və nəzarət edəcək.

Tərbiyəçi qrupda şagirdlərin tədris tapşırıqlarını yerinə yetirməsinə istiqamət verəcək; hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alaraq dərsdənkənar və asudə vaxtlarını tənzimləyəcək; şagirdlərin qrupda olduğu müddətdə davamiyyətinə, onların təhlükəsizliyinə və sağlamlıqlarına məsuliyyət daşıyacaq; qrupun jurnalını və nəzərdə tutulmuş digər sənədləşmələri müntəzəm aparacaq; təsdiq edilmiş iş rejiminə uyğun digər tədbirləri həyata keçirəcək.

Şagirdlərin ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət və dəstək vermək, onların texniki yaradıcılığını, estetik və fiziki tərbiyəsini həyata keçirmək məqsədi ilə məktəbin direktorunun əmri ilə qrupun işinin təşkilinə məktəbin digər mütəxəssisləri (uşaq birliyinin rəhbəri, psixoloq, dərnək rəhbərləri) cəlb edilə bilərlər. Qrupda şagirdlərin hərəkət aktivliyi (gəzinti, hərəkətli və idman oyunları) təmin ediləcək. Əlverişli hava şəraitində açıq havada gəzintinin və məşğələlərin müddəti ən azı 1 saat təşkil edəcək.

Qrupun şagirdləri məktəbin emalatxanasından, kitabxanasından, idman və akt zallarından, digər tədris otaqlarından istifadə edə biləcəklər. Qrupun şagirdlərinə tibbi xidmət məktəbdəki tibbi xidmət işçiləri tərəfindən göstəriləcək.

Məlumat üçün xatırladaq ki, Azərbaycanda azyaşlıların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün dövlət hesabına məktəbəhazırlıq qrupları da təşkil olunur. Belə ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. I yarımil: 1 oktyabr - 26 yanvar; II yarımil: 1 fevral - 31 may. Məktəbəhazırlıq qruplarında xüsusi qiymətləndirmə tətbiq olunmur. Hər gün uşaqlar şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir. Burada təhsil alan uşaqlar üçün ev tapşırığı nəzərdə tutulmur. Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün isə ən azı 15 uşaq müəyyən olunur. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Hazırda məktəbəhazırlıq prosesinə qeydiyyatın elektron formada həyata keçirilməsi də təmin olunub. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir. Artıq bu qrupların yaradılması öz faydasını verməkdədir. Məsələn, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu göstərici 90 faizə çatdırılıb. Bu, məktəbəhazırlığa cəlb olunma səviyyəsinin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir.

Sözügedən qrupların yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Beş yaşlı uşaqların məktəbə hazırlığı üçün olduqca mühüm əhəmiyyət kəsb edən məktəbəhazırlıq məşğələlərini keçməyən uşaqların I sinifdə təbii ki, məktəbəhazırlıq qruplarından gəlmiş uşaqlarla müqayisədə əsasən geri qalması müşahidə olunur. Odur ki, valideynlər övladlarının tədris nailiyyətlərinin daha yüksək olmasını düşünərək, onların məktəbəhazırlıq qruplarına cəlb olunmasına maraq göstərirlər.